
Xuraman Muradova - Yaxşılıq etdiklərin…
Son nəfəsdə yetişib dadına yetdiklərin,
Sevgini yardımını,hədiyyə etdiklərin,
Bir gün dönüb üzünə düşmən kəsilər birdən,
Heç özün də bilməzsən, nə günah etmisən sən.
Elə bilərsən vəfa hər ürəkdə yurd salar,
Yaxşılığın hər zaman qədir-qiymətdə qalar.
Amma həyat öyrədər ən acı həqiqəti:
Nankorlar tez unudar edilən mərhəməti.
Çörəyini bölüşdün, əlindən tutdun hər an,
Yıxılanı qaldırdın, çıxardın qaranlıqdan.
Ən ağır daşı atan elə həmin adamdır,
Dünən çörək verdiyin, bu gün səni satandır.
Ən ağır zərbə gəlməz uzaq əllərdən sənə,
Yad olanlar yetişməz qəlbin dərinliyinə.
Ən dərin yaraları yaxınlar vurar yenə,
Etibar etdiklərin bir gün düşməndir sənə.
Üzünə gülənlərin hamısı dost görünməz,
Şirin söz söyləyənin qəlbi safmı bilinməz.
Bəzən ömrün boyunca “can” dediyin insanlar,
Etdiyin yaxşılığı sənə daş qaytararlar.
Gəl incimə taledən, bu dünyanın hökmüdür,
Nankorun yaddaşında yaxşılıq ən tez ölür.
Sən yenə xeyirxah ol, qarşılıq umma əsla,
Haqq hər şeyi görəndir, Allah unutmaz əsla!
Hələ təsdiqlənmiş rəy yoxdur.