
Xuraman Muradova - BU VƏTƏN MƏNİMDİR ANCAQ
Üçrəng, ay-ulduzlu bayraq,
Türkə qucaq doğma torpaq,
Dar günümdə isti qucaq —
Bu Vətən mənimdir ancaq.
Daşın daş yox, alın yazım,
Sənsən mənim haqq avazım,
Sənsiz susar telli sazım —
Bu Vətən mənimdir ancaq.
Torpağında ata təri,
Anamın da göz yaşı var.
Bunu duyan necə susar?!
Bu Vətən mənimdir ancaq.
Anam layla söyləyərdi,
Adın dilim əzbəriydi,
Sevgin ömrün təməliydi —
Bu Vətən mənimdir ancaq.
Bir daşını verməm yada,
Dəyişmərəm min bir ada,
Adın mənə and dünyada —
Bu Vətən mənimdir ancaq.
Diz çökmərəm, baş əymərəm,
Yad əllərə əl vermərəm,
Səni sənsiz yurd bilmərəm —
Bu Vətən mənimdir ancaq.
Ömrüm keçər, izim qalar,
Torpağında közüm qalar,
Nəsillərə sözüm qalar:
Bu Vətən mənimdir ancaq.
Türkəm, əyilməz bu bayraq,
Sönməz yurdda yanan ocaq,
Can verərəm, verməm torpaq —
Bu Vətən mənimdir ancaq.
Hələ təsdiqlənmiş rəy yoxdur.