
XURAMAN MURADOVA - YAŞ VƏ YAŞANTI
Mənə sorsan nədir ömrün dəyəri?!
Söyləyərəm:
Yaşamaqdır! nəinki illəri saymaq deyərəm.
Bəzən insan elə bir gün yaşayar, yüz ilə tən,
Bir qəmin çəkisi on il qocaldar qəlbi bəzən.
Rəqəmin hökmü quru bir səhifə, boş bir hədər,
Ruhun hiss etdiyidir ömrə verən başqa dəyər.
Saylar ötsün, sənə bircə anın idrakı bəsdir,
Yaşamaq duyğusu yoxdursa, o illər qəfəsdir.
Sevgisiz keçsə əgər ömür, bütün illər əbəs,
Eşq ilə çırpınan ürəkdir verən cana nəfəs.
Yaşamaq bəxş eləyən tək bu yaşantıdır, inan,
O quru illəri mən sanmaram ömürdən bir an!
İl sayar çoxları, ömür uzun olsun hər saat,
Elə bir gün var ki, bərabərdir ona bütöv həyat!
Hələ təsdiqlənmiş rəy yoxdur.