
Xuraman Muradova - Yarım qalan hekayələr...
Nə bir vida cümləsi var, nə əlvida sədası,
Bir sükutun kölgəsində solub gedər sədası.
Gedənlərdə bəlli deyil, varmı dönüş sədası,
Qalanların gözlərində itər ümid sevdası,
Sakitcə boynunu bükər yarımçıq hekayələr.
Baxışlar var — son sözündən daha ağır, daha lal,
Dodaqlarda düyünlənər cavabsız bir tək sual.
Nə bir “gülə-gülə” gedən, nə “xoşça qal” deyən var,
Yarı yolda tənha qalan fəsillər var, illər var,
Həsrətlə göz yaşı tökər yarımçıq hekayələr.
Bir qurumuş gül dayanıb xatirəmin küncündə,
Bir zamanlar sənlə gəlmiş mənimlə görüşündə.
İndi o da bağ-bağçasız, o da sakit, sahibsiz,
Keçib gedən durnalar tək səssiz, kimsəsiz, izsiz,
Hər baxanda qəhər çökər yarımçıq hekayələr.
Xuraman da söylər, onsuz, ömür keçər bir təhər,
Hər gecənin arxasında gizlənibdir bir səhər.
Amma bəzi ayrılıqlar nə başlar, nə də bitər,
Nə gedəni yola salar, nə qalanı ovudar,
Sükut ilə ömrə çökər yarımçıq hekayələr…
Hələ təsdiqlənmiş rəy yoxdur.