Xuraman Muradova

Xuraman Muradova - “Kaş ki” siz bir ömür

Poeziya 10 Sep 2026 36
Xuraman Muradova - “Kaş ki” siz bir ömür

Xuraman Muradova - “Kaş ki” siz bir ömür

 

(Sevərək tükənmiş bir ananın son nəfəsində qızına nəsihəti)

 

Mərhəməti israf etmə, ölçülü tut hər zaman,

Yoxsa qul tək yaşayarsan, qurtulmazsan heç zaman.

Göz yaşına baxan olmaz, dünya rəhmsiz məkan,

Əvvəl özün, sonra özgə — qoru qəlbini hər an.

 

Bədəninə, ruhuna bax, bir körpə tək sev onu,

Sən içində şad olmasan, çölün zindan görünər.

Düzlük olsun tək şüarın, doğru seç sən yolunu,

Təslimiyyət, şükür ilə ağır yüklə  bölünər.

 

Hər doğrunu hər an demə, hərdən bir az sükut et,

Bilsən belə, susmağı seç, bəzən “bilmirəm” de, keç.

Hər nəfəsə, hər addıma min kərə şükranlıq et,

Ömür qısa, vaxt azalır, xoşbəxtliyi bu gün seç.

 

Mən özümü talan etdim “ona rəhm et, buna yan”,

Hər kəs öz ömrün yaşadı, mən onlara qul oldum.

Mən kiminsə göz yaşından qorxsaydım da hər zaman,

Mənim solan baharıma baxan olmadı, soldum.

 

İndi dönüb keçmişimə “kaş ki” deyir bu ürək,

Ömrü ona-buna verib, heyif etdim canımı.

Sən kaşkilər deməyəsən, ömrü doyunca yaşa,

Heç kəs üçün xərcləmə sən ömrün şirin anını.

 

Gedən getsin, qalan qalsın — sən özünə dayaq ol,

Zil qaranlıq gecələrdə nur saçan  bir çıraq ol.

Bu ömür sənin haqqındır, onu heç kimə vermə

Qızım,  elə yaşa ki, sən bir gün “kaş ki"  demə.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Bəzi dualar gecikər… çünki Allah ən doğru zamanı gözləyər.”
- Xuraman Muradova