Xuraman Muradova

Xuraman Muradova - GÖRMÜRSƏN MƏNİ

Poeziya 13 Sep 2026 64
Xuraman Muradova - GÖRMÜRSƏN MƏNİ

Xuraman Muradova - GÖRMÜRSƏN MƏNİ


Səmadan ulduztək axıb düşsəm də,
Hər zülmət gecədə gəzərdin məni.
Gündüztək saçılan nuram önündə,
Gözlərin tutulub, görmürsən məni.

Dəniztək ləpələr vurdu sahilə,
Dalğalar qoynunda dilərdin məni.
İndi bir damlayam ovcunun üstə,
Baxıb gözlərində boğdunmu məni?


Rüzgarla ötüşən xəzəllər kimi,
Hər əsən küləkdə sezərdin məni.
Qapının ağzında dayanmışam, bax,
Sükutmu bağlayıb o lal sinəni?..

Harada qaldımsa gecə, ya gündüz,
Soraqladın məni, izlədin məni.
İndi qarşındayam, baxış-baxışa,
Hardan səslənim, duyasan məni?..

Uzaqda olanda yollar boyunca,
Adımla çağırdın, səslədin məni.
İndi yanındayam, bircə addımlıq,
Hansı yana keçim, görəsən məni?..

Kölgətək arxamca dolandın hər an,
Könlün xəyallarda axtardı məni.
İndi lap yaxında, önündə durdum,
Daha hara gedim, tapasan məni?..

#XuramanMuradovaŞair#

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qadın bir gün yorularsa… əvvəlki kimi sevməz.”
- Xuraman Muradova