Xuraman Muradova

Xuraman Muradova - Ümidin Ünvanı    

Poeziya 10 Sep 2026 35
Xuraman Muradova - Ümidin Ünvanı     

Xuraman Muradova - Ümidin Ünvanı    

Hər yetən qapıda çıraq yandırma,

Küləyi soyuqdur, söndürər səni.

Hər yetən insana ümid bağlama,

Yalançı baharlar dondurar səni.

 

Ümid bir sədəfdir, dərinlərdədir,

Hər qəlbdə görünməz, hər ələ gəlməz.

Həqiqi məlhəmi şirinlərdədir,

Qəlbi buz olanlar qədrini bilməz.

 

Ümid — tükənməz bir xəzinə imiş,

Payladıqca artan sirli bir aləm.

Amma "daş bir qəlbə" düşsə, nə demiş?

Kəsər nəfəsini, o gətirər qəm.

 

Yolu düz seçək ki, qəlb inciməsin,

Ünvanı bilək ki, ruh sarsılmasın.

Ümid verək ancaq sevə bilənə,

İnsan ümidindən yaralanmasın.

 

Axı ümid qəlbin sonuncu qatı,

O sökülsə, ömür sarayı uçar.

Yanlış qəlblər ümidlərə — cəlladdır,

Doğru ürəklərdə ümid gül açar.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sözünə laqeyd yanaşmaq — sənə ümid bağlayan qəlblərə gizli bir xəyanətdir.”
- Xuraman Muradova