
Xuraman Muradova - Xəyanət Ətri
İnanmam mən daha əsla, qayıtdın sən ömrə neycün?
Keçdi illər, çox gecikdin, qəlbə gəldin, söylə, neycün?
Yuyulmaz qəlbinin rəngi, uzaq dur, ey xain məndən,
Ey könül, gerçəkləri gör, ruhum, qurtar xəyanətdən!
Nə hacət yalvarış, dildən səslənən boş dualardan?
Sədaqət gözləməm əsla, qəlbi qara insanlardan
Nə bir ümid işığı var, nə bir xoş səda bu qəmdən,
Ey könül, gerçəkləri gör, ruhum, qurtar xəyanətdən!
Mühəbbət bəsləyən qəlbi yalanlarla ovutdun sən,
Mənim saf eşqimi boğdun, məni candan soyutdun sən.
Ruhunda xəyanət ətri, kəsildi ruzi-vəslindən,
Ey könül, gerçəkləri gör, ruhum, qurtar xəyanətdən!
Nə söz tapsan, hamısı boş, əbəsdir naleyi-fəryad,
Bu zindandan qaçıb könlüm, nəhayət ki, olubdur şad.
Nə mən məhbus, nə sən məhbəs, uzaqlaş sən bu məskəndən,
Ey könül, gerçəkləri gör, ruhum, qurtar xəyanətdən!
Hələ təsdiqlənmiş rəy yoxdur.