
Xuraman Muradova - Ürək də bir coğrafiya. Yanlış qəlbdə ya yanarsan, ya donarsan.
Könül bir quş idi, uçdu budaqdan,
Gəzdi yad elləri, yoruldu bəlkə.
Xəbərsiz ötüşən illərdən, aydan
Ömrümün yaşları duruldu bəlkə.
Ümidlər bəslədi nurlu sabaha,
Görmədim yolumu, çənmi bürüdü.
Qaranlıq gecədən aydın sabaha,
Fikirlər ruhumla birgə yürüdü.
Gözümdən uzağa düşdü o yollar,
Ruhum qəribsədi, qaldım didərgin.
Bilmədim bəxtimə hansı fəsil var,
Bu yad ürəklərdə yoruldu sevgim.
Hicranın odunda yandım bir zaman,
Külüm də sovruldu yad küləklərə.
İndi ürəyimdə dondurur şaxtan,
Bənzədim son bahar solan çiçəyə.
Hər yetən ürəyi özüm tək sandım,
İnandım, sonunda tapmadım pənah.
Ocaqsız, alovsuz ruhumda yandım,
Görəsən, sevməyin özümü günah?
Nə etibar qalıb, nə bir isti əl,
Uçur səmalarda yorğun durnalar.
Ömrün payızında gəlsə bir əcəl,
Məni yad qəlblərdə kim xatırlayar?
Gecələr uzanır, duman tək çökür,
Sükutun fəryadı bürüyür bəndi.
Hər sönən ümidlə bir ömür çökür,
Bu dözüm mülkünü dərdim elədi.
İndi bir aynadır, qırıldı xəyal,
Nə dözüm gücü var, nə köhnə taqət.
Gedən gəncliyimdən soruşdum sual:
Bumu bu sevgidən qalan əmanət?
Ey Xuraman, yanlış düşsən bir qəlbə,
Həyat xəritəndə azacaqsan sən.
Bilmədiyin yerdə, yanlış ürəkdə,
Gah alovlanarsan, gah donarsan sən!
Hələ təsdiqlənmiş rəy yoxdur.