Xuraman Muradova

Xuraman Muradova - Sükanı Buraxdım

Poeziya 09 Jun 2026 46
Xuraman Muradova - Sükanı Buraxdım

Xuraman Muradova - Sükanı Buraxdım

“Bəzən ən doğru qərar sükanı buraxmaqdır… Qoy gəmi batsın, qoy dastan bitsin. Sən isə kənardan seyr et. Çünki bəzi savaşlar qazanılmaq üçün deyil, bitirilmək üçündür.”

Sükanı sonunda buraxdım, yetər,
Fırtına coşubdur, dəniz qızışdı.
Bu yorğun bədənim candan da bezər,
Bu tale qaçılmaz, dərin axışdı.

Nə qədər vuruşdum, nə qədər dözdüm,
Ümidlər fırtına içində bitdi.
Mən özüm-özümə bu ömrü yazdım,
Gözümdə sahilin işığı itdi.

Tək əllə tutulmaz gəminin qəmi,
Dalğalar üstümə yeridi, gəldi.
Mən xilas etdikcə batdı bu gəmi,
Fədakarlıq mənim ömrümü dəldi.

Kiminçün qorudum sönük gəmini?
Sahili görünməz ümmana daldım.
İtirdim gümanı, itirdim səni,
Bir tənha limanda tək-tənha qaldım.

Gözümdə canlanır sahildən bir iz,
Bəlkə bir ümiddir, bəlkə bir xəyal.
İndi ağuşuna çağırır dəniz,
Deyir: “Bu sükutu əbədilik al”.

Buraxdım suları öz axınına,
Qoy batsın o gəmi, bitsin bu dastan.
Yetdim bu ömürün son ağrısına,
Sükan da azaddır, mən də bu andan.

İndi qoy sularda gömülsün gəmi,
Yorulan əlimdən düşdü bu sükan.
Ruhum da azaddır artıq bu andan,
O gəmi batsın ki, qurtarsın bu can…

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Xatirələr unudulmur… sadəcə insan onları ürəyinin dərinliyinə gizlədir.”
- Xuraman Muradova