Xuraman Muradova

Xuraman Muradova: “Səssiz vidaların ağırlığı var”

Poeziya 13 Jan 2026 266
Xuraman Muradova: “Səssiz vidaların ağırlığı var”

Xuraman Muradova: “Səssiz vidaların ağırlığı var”

Bir sükut çökübdür ötən günlərə,

Deyilməmiş sözlər boğazda düyün.

Baxırıq həyatın acı rənginə,

Ayrılıqlar döyür qapımı bu gün.


Yollarda uzanır, dumanlı, çənli,

Ümidlər bir xəzan yarpağı kimi.

Bizmi ayrılırıq, yoxsa bu ocaq?

Sönür sevgimizin çırağı kimi.


Daha xatirələr tozlu bir kitab,

Vərəqlər sapsarı, sətirlər solğun.

Suallar içində itən bir cavab,

Ruhu yorulubdur bu son yolçunun.


Getməkmi çətindir, qalmaqmı, çətin

Hər iki tərəfdə eyni ağrıdır.

Mən daha əvvəlki mən ola bilməm,

Ayrılıq ömrümün kədər vaxtıdır.


İndi payız gəlib bizim küçəyə,

Yağışlar da yuyur addım izini.

Söykəyib başımı qara gecəyə,

Yuxuda görərəm bəlkə üzünü…


Səssiz vidaların ağırlığı var,

Hər küncdə bir parça xatirə sızlar.

Üşüdər ruhumu soyuq divarlar,

İndi bizdən uzaq o xoş arzular.

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Məsuliyyətsizlik — sadəcə vaxtı itirmək deyil, sənə qəlbini açan insanların güvənini itirməkdir.”
- Xuraman Muradova