Xuraman Muradova

Xuraman Muradova - Mən Laçınlıyam

Poeziya 04 Jul 2026 60
Xuraman Muradova - Mən Laçınlıyam

Xuraman Muradova - Mən Laçınlıyam

Məni soruşsanız, bax bu dağlardan,
O məğrur duruşlu, can Laçınlıyam!
Sığal çəkilməyən o sərt dağlara,
Mənəm o əyilməz mərd Laçınlıyam!
Mən Laçınlıyam!

Torpaqdan yaranıb, torpaq olmadım,
Mən qaya parçası, dağ vüqarlıyam!
Bulanlıq sular tək dolub-daşmadım,
O coşqun Həkəri hayqırtısıyam!
Mən Laçınlıyam!

Yellər qayalardan nə aparar ki?
Tufanlar qopsa da, yel olub keçər.
Məni zirvələrdən kim qoparar ki?
Qartalam! Ovum da zirvədə yetər.

Yadlar qarşısında bükülməz dizim,
Sinəm sipər olar, sözüm ox olar.
Dağlar tək vüqarlı silinməz izim,
Baxışım düşmənə min bir ox olar!

İgid oğulların — şir biləklidir,
Hər biri sarsılmaz bir qala, eldir.
Vətən qeyrətlidir, can diləklidir,
Mən də onlar kimi vətən canlıyam.
Mən Laçınlıyam!

Atam bir uca dağ, mən dağın qarı,
Onun bu dünyada yadigarıyam.
Laçın əmanətdir babalarımdan,
Damarlarda axan qeyrət qanlıyam!
Mən Laçınlıyam!

Hoçazım nazlanır, oyanır Minkənd,
Hər dağın altından boylanır bir kənd.
Sarıbaba dağı — başımın tacı,
Səndədir könlümün min bir əlacı!
Mən Laçınlıyam…

Bir “Ağ göyərçin”əm, qonmuşam sənə,
Pərvazla, dolandım o zirvələrə.
Yüz ömür verilsə, gələrəm yenə,
Mənim ruhum olan o dərələrə…

Arxamca boylanma, başını qaldır,
Zirvələr göstərər, izim ordadır.
Ruhum Laçındadır, cismim burdadır,
O yurdun balası, dağ vüqarlıyam.
Mən Laçınlıyam!
Mən Laçınlıyam!
Dağ vüqarlıyam!
Mən Laçınlıyam!
Vətən canlıyam!
Can Laçınlıyam!

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sevgi elə bir hissdir ki… insanın içində həm yara açar, həm də o yaranı sağaldar.”
- Xuraman Muradova