Xuraman Muradova

Xuraman Muradova - Güclü qadınlar...

Poeziya 19 Jun 2026 14
Xuraman Muradova - Güclü qadınlar...

Xuraman Muradova - Güclü qadınlar...

Gözünün yaşını içinə tökər,
Dərd gəlsə, qarşıda dağ kimi çökər,
Kimsəsiz ömürdən bir naxış tikər,
Kölgəyə sığınmaz güclü qadınlar.

Qəlbi qırılsa da bildirməz, susar,
Tənha gecələrdə ahını udar,
Vəfalı yaşayar, əhdi ilə susar,
Səssizcə yox olar güclü qadınlar.

Sevgisiz dünyada tək qalsa belə,
Əyilməz hər əsən tufana, yelə.
Səssizcə gedərlər, dinmədən belə,
Çox da sevilməzlər güclü qadınlar.

Sirləri qəlbində bir sual qalar,
Çətinlik gəlsə də, məğrur dayanar,
Öz qürur nuruna bələnib yanar,
Gözü dolsa belə, güclü qadınlar.

Gəncliyin eşqini qəlbində daşır,
Dərdsiz bilər hamı, dərdiylə yaşar,
Zaman da gizlicə ömürdən qaçar,
Saçları ağarar güclü qadınlar.

Vəfa sınağında məğrur dayanar,
Sədaqət oduna bələnər, yanar,
Kənardan baxanlar bəxtəvər sanar,
Bilməzlər nə çəkir güclü qadınlar.

Nə gizli sevdadır, nə güclü dözüm,
Ləyaqət bəzəyi, vəfadır özüm.
Eşqini qəlbinə eyləyib dözüm,
Sirri ilə yaşayar güclü qadınlar.

Göz yaşı sel olub qəlbinə dolsa,
Gülüşü üzündə saralıb solsa,
Yolları fırtına, uçurum olsa,
Məğrurca addımlar güclü qadınlar.

Boylanıb uzağa xəyala dalar,
Solğun bir xatirə qəlbində qalar.
Nəsə xatırlayıb bəxtəvər olar,
Xəyalla xoşbəxtdir güclü qadınlar.

Dağlar tək əyilməz çətinlik gəlsə,
Məğrur bir cavabdır, dərdi qəhərsə.
Başı duman olan, saçlarında qar,
Tənhaca qocalar güclü qadınlar.

Xuraman Muradova

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Mən həyatın məni dəyişdirməsinə yox, gücləndirməsinə icazə verdim.”
- Xuraman Muradova