Xuraman Muradova

Xuraman Muradova - MÜSTƏQİLLİYİM

Poeziya 18 Oct 2026 40
Xuraman Muradova - MÜSTƏQİLLİYİM

Xuraman Muradova - MÜSTƏQİLLİYİM

Şəhidin andısan Vətən daşında,
Ananın duası gözün yaşında.
Ən uca tacımsan xalqın başında,
Sən canımda bir can, müstəqilliyim!

Adınla başımı uca tutaram,
Uğrunda canımı oda ataram.
Bayrağınla hər zirvəyə çataram,
Ey millətimə şan, müstəqilliyim!

Üçrəngli bayrağım daim ucalsın,
Yurdumun köksündə ocaq sönməsin.
Bu millət heç zaman boyun əyməsin,
Ey xalqıma qalxan, müstəqilliyim!

Sən varsan, sinəmdə rahat nəfəs var,
Sənsiz bu dünyada könlüm daralar.
Adınla qəlbimdə ümid oyanar,
Sən canımda bir can, müstəqilliyim!

Qızıl zəncirlərə könül bağlamam,
Qul olub, bəxtimə ağı ağlamam.
Daşlı yollarından geri addamam,
Ey millətimə şan, müstəqilliyim!

Səni bəxş etmədi bizə yad əllər,
Uğrunda can verdi neçə nəsillər.
Şəhid qanı ilə gəldi bu günlər,
Ey qanla yazılan müstəqilliyim!

Hər səhər yenidən səni seçirəm,
Qəlbimdə adına bir and içirəm.
Hər qorxu səddini aşıb keçirəm,
Ey ruhuma qalxan, müstəqilliyim!

Ən gözəl mirasım bu azad göylər,
Altında böyüsün azad nəsillər.
Vətəni qorusun o mərd ürəklər,
Sabaha bir ünvan, müstəqilliyim!

Yadlardan azadlıq dilənməmişik,
Haqq üçün ölümdən çəkinməmişik.
Zülmə bir an belə əyilməmişik,
Ey qanla alınan müstəqilliyim!

Bayrağı yüksəldən o mərd igidlər,
Can verib, yurdunu yaşadan ərlər.
Rəngində yaşayır ölməz şəhidlər,
Şəhidlərdən nişan, müstəqilliyim!

Ay-ulduz, hilalım — türkün nişanı,
Səndə qucaqlaşar Turanın canı.
Hər rəngində yaşar şəhidin qanı,
Türkümə şərəf, şan, müstəqilliyim!

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qadın bir gün yorularsa… əvvəlki kimi sevməz.”
- Xuraman Muradova