
Xuraman Muradova "Sübh dualarım"
Sübhün ilk anlarında dünya sükuta bürünür… Qaranlığın qoynunda işıq gizlənir, üfüqlər hələ oyanmamış olur. Və insan öz qəlbinin ən dərin səssizliyində bir nida eşidir. O nida – Yaradanla danışan ruhun səsidir.
Dua bu anlarda başqa cür səslənir: nə səslə deyilir, nə dillə… o, qəlbin pıçıltısına çevrilir. Buludları yara-yara ucalır, ulduzlara toxunur, mələklərin qanadına qarışır. İnsan o anda həm zəif, həm də güclü olur – zəif, çünki acizliyini anlayır; güclü, çünki imanın gücünü dərk edir.
Sübh duası – ruhun işığa doğru yoludur. Hər yalvarışda ümid doğulur, hər səcdədə sevgi böyüyür. Və o anlarda insan özünü Rəbbinə ən yaxın hiss edir.
Elə həmin anların nəfəsindən doğuldu içimdə bu misralar — “Sübh Dualarım”…
Sübh Dualarım
Sübh namazında – hələ qaranlıqda,
İşıq doğmamış, üfüqlər yanmamış.
Dənizlərin üzərindən süzülən dualarım,
Buludları yara-yara yüksəlir göylərə.
O dualar – qəlbimin sükut çiçəkləridir,
Yaradana boylanan yalvarış səsləridir,
Səmalara toxunur, ulduzlara qarışır,
Mələklər də dil açıb elə məndən danışır.
Sabahın sükutunda eşidilən bir nida,
Ümidimin çırağı, ruhumun yüksəlişi.
Göylərə qalxan o saf yalvarışlar...
Məni Rəbbimə ən yaxın edən anlar.
Şükürlə açılar dua əlləri,
Səmada pıçıldar iman dilləri.
Rəhmətin yağışı ruhuma qonar,
Ümidlə açılar könül gülləri.
O-Allaha bağlılıq o, ruhun pıçıltısı,
O, rəhmət yağışıdır, göydən yerə dönəcək.
Dua acizlik deyil, iman gücünün səsi,
O sevgidən yaranır, Yaradana dönəcək…
Xuraman Muradova
Hələ təsdiqlənmiş rəy yoxdur.