
Xuraman Muradova - MƏN SƏNİ UNUDA BİLMƏDİM AXI…
MƏN SƏNİ UNUDA BİLMƏDİM AXI…
Xuraman Muradova
İllər gəlib keçdi, ömür ötüşdü,
Mən səni unuda bilmədim axı.
Yollarımız ayrı səmtlərə düşdü,
Mən səni unuda bilmədim axı.
Ayrıldıq o anda, gözlərin yaşlı,
Baxışın qəlbimdə iz salıb qaldı.
O yaşlar bir ömür sirdaşım oldu,
Həsrətin ruhumda əbədi qaldı.
Gec rast gəldin mənə, vaxtsız yetişdin,
Yenə də qəlbimdə yerin bambaşqa.
Xəyalınla səssiz, tənha görüşdüm,
Bilməzdim — gec gələr bu böyük sevda.
Bu qədər şəhər var, bu qədər insan,
Niyə heç çıxmırsan sən yaddaşımdan?
Mənə həm doğmasan, həm də çox uzaq,
Niyə köç etmirsən xəyallarımdan?
Mən səni unuda bilmədim axı,
Nə qədər istədim ömürdən silim.
Mən səni unuda bilmədim axı,
Sənə dönə-dönə qayıtdı qəlbim.
Mən səni unuda bilmədim axı,
Zaman da dərdimə olmadı çarə.
Mən səni unuda bilmədim axı,
Sən oldun qəlbimdə sağalmaz yara.
İstədim unudam, ömürdən siləm,
Baxıram, bir ömür qəlbdə qalmısan.
Zaman çox gecikdi, ötdü fəsillər,
Sən mənim ruhumda yuva salmısan.
Hələ təsdiqlənmiş rəy yoxdur.