
Xuraman Muradova: Həsrəti ömrümə biçər ayrılıq..
Uzaq düşmək deyil məsafələrlə,
Qəlbə birdəfəlik köçər ayrılıq.
Eyni göy altında, ayrı yollarda,
Ömrünü həsrətə bükər ayrılıq.
Göz yaşı axıtmaq deyil bu acı,
Hər gecə qəlbimi sökər ayrılıq.
Adını dilinə gətirmədən heç,
İnsanı dərdlərə bükər ayrılıq.
Vidalaşıb getmək deyil ömürdən,
Ruhun damarına çökər ayrılıq.
Arxanca çırpılan qapı səsini,
Bir ömür qəlbinə çəkər ayrılıq.
Gecənin o lal-kar xəlvət çağında,
Kimsəsiz yollarda batar ayrılıq.
Üzlərdə saxta bir gülüş yaradıb,
Qəlbini odlara satar ayrılıq.
Gedənlər yox olmaz, silinməz izi,
Gözünü yollarda açar ayrılıq.
Qəlbin dərinində bir nisgil kimi,
Həsrəti ömrümə biçər ayrılıq.
Hələ təsdiqlənmiş rəy yoxdur.