Xuraman Muradova

XURAMAN MURADOVA - ƏSİL SEVGİDİR

Poeziya 10 Jun 2026 46
XURAMAN MURADOVA - ƏSİL SEVGİDİR

XURAMAN MURADOVA - ƏSİL SEVGİDİR

Sığınmaq üçün o tufandan, hüzur tək bir məkan tapsan,
Sükutun rəsmini çəkmək üçün ömrə həyan tapsan.
Zamanın imtahanından keçən ali rəvan tapsan,
Könül mülkündə hər dəm parlayan nur, əsil sevgidir.

Qüsur görməz sevən gözlər, könül hər dərdi xoş eylər,
Bütün “çünki” olan sözlər bu eşqin yanında neylər?
Nə illər incidər bu eşqi, nə də sınaqlar əyər,
Qəlbin dərinliyindən gələn bu nur, əsil sevgidir.

Qəfəs bənd eyləməz ruhu, verər pərvaz üçün qanad,
O tam inamla, güvənlə könül dünyada olar şad.
Əgər tam bir nəfərə inansan, ruhda olar azad,
Sərbəst göylər içində ucalan nur, əsil sevgidir.

Məsafə yolları bağlar, fəqət qəlblər uzaqlaşmaz,
İtib getsə də bu illər, təmiz duyğu unudulmaz
Ürəklər bir döyündükcə, inan, ruh eşqdən çaşmaz,
Uzaqdan bir-birin duyar qəlblər, bu əsil sevgidir.

Qaranlıq çökəndə ömrə, bir-birinə çıraq olmaq,
Ağır gün gəlsə dünyada, böyük bir ittifaq olmaq.
Həmahəng odlanıb, sönməz gur bir ocaq olmaq,
Bu çətin yollarda o sədaqət, vəfa əsil sevgidir. 

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Sözünə laqeyd yanaşmaq — sənə ümid bağlayan qəlblərə gizli bir xəyanətdir.”
- Xuraman Muradova