
Xuraman Muradova - BÜTÖVLÜYÜN YADİGARI (Ömrün illəri)
Saçın ağlığı da – qəm deyil, inan,
O, ötən illərin əsl tacıdır.
İnsan var, qocalır sadəcə yaşdan,
Yaş – qazanılmış taxt ucalığıdır.
Gənclik bir tufandır, əsdi və keçdi,
Otuzda dərrakə bir cığır seçdi.
Qırxda bu ruhumuz saf sudan içdi,
Dərk etmək – ömrünün xoş bir halıdır.
Əllidə başlanar əsil bir vüqar,
Altmışda zirvəyə ələnər ağ qar.
Yetmişdə nə ah var, nə bir intizar,
Bu çağ – bütövlüyün yadigarıdır.
Güzgüdə cizgilər ömrə xəttidirsə,
Ruhun qocalmaqla nə ülfəti var?
Sinə bir qaladır, mənlik fəthdirsə,
Məğrur ürəklərin öz baharı var.
Solub saralmaqdan qorxmasın ürək,
Ömrü mənasıyla yaşayaq gərək.
Məğrur bir çinar tək göylərə yetək –
Yaşlanmaq da ömrün öz dünyasıdır!
Hələ təsdiqlənmiş rəy yoxdur.