
XURAMAN MURADOVA - ALLAH BİZİ SEVSİN
Haqq bir bəndəsini sevsə, göydə adı aşikâr — Allah bizi sevsin,
Sonra Cəbrayıl sevər, göy əhli də olar ona yar — Allah bizi sevsin.
Yer üzündə könüllər də sevgimizə qapı açar — Allah bizi sevsin,
Adımız hər pak ürəkdə qalsın nurlu yadigar — Allah bizi sevsin.
Haqq sevgisi qəlbimizdə taxt qursun, tapsın qərar — Allah bizi sevsin,
Haqqı sevən pak könüllər ömrümüzdə olsun yar — Allah bizi sevsin.
Mərhəmətli ürəyimiz hər qəribə olsun yar — Allah bizi sevsin,
Rəhman bizə rəhm eyləsin, dönsün nura ahü-zar — Allah bizi sevsin.
Hər duamız ərşə qalxsın, arzumuz olsun bərqərar — Allah bizi sevsin,
Göz yaşımız dürrə dönsün, könlümüz olsun gülzar — Allah bizi sevsin.
İmtahanlar gəlsə, səbrimizdən doğsun bir vüqar — Allah bizi sevsin,
Hər qaranlıq gecəmizin sonu olsun bir bahar — Allah bizi sevsin.
Haqq rizası üçün sevən könüllər nurdan tac taxar — Allah bizi sevsin,
Nur minbərləri üstündə olar onlar bəxtiyar — Allah bizi sevsin.
Sevdiyi salehlərlə bizi dost etsin Rəhman olan Yar — Allah bizi sevsin,
Mərhəmət, ədalət qəlbimizdə olsun iftixar — Allah bizi sevsin.
Bəndədə olmaz etibar, olmaz ondan əbədi yar — Allah bizi sevsin,
Haqdan özgə kimimiz var? Bizə yetər Pərvərdigar — Allah bizi sevsin.
Xuraman söylər: bizi sevdiklərinə sevdirsin, etməsin kimsəyə möhtac — Allah bizi sevsin,
Sevsin, sevdirsin, sevindirsin Xaliq olan Yar — Allah bizi sevsin.
Allah bizi sevsin
Hələ təsdiqlənmiş rəy yoxdur.