
Xuraman Muradova - Bəzi Portretlər ömürlük həsrət…
Bu axşam oturub rəsmini çəkdim,
Köçürdüm üzünün cizgilərini.
Bir təbəssüm qoydum dodaqlarına,
Gözlərin söylədi qəm-kədərini...
Saçını küləklə oynayan çəkdim,
Yanağına bahar rəngi də vurdum.
Amma baxışında elə həsrət var,
Payız xəzanının sazağın duydum...
Gözlərinə işıq vermək istədim,
Qaranlıq yenə də məni aldatdı.
İstədim gözündə gülüşü çəkəm,
Bir damla göz yaşı yanağa axdı.
Rəsmi tamamlayıb divardan asdım...
Baxdım ki, yenə də nəsə əskikdir.
Sən şəkillərdəsən, amma ruhun yox.
Demək ki, həsrətin özü gerçəkdir...
Qələmi masamın üstünə qoydum,
Susdum… sözlərim də yoruldu bir an.
Bəzi portretlər ömürlük həsrət,
Bəzi ayrılıqlar bitməz heç zaman.
Hələ təsdiqlənmiş rəy yoxdur.