Xuraman Muradova

Xuraman Muradovaya Türk xalqları arasında dostluq, birlik və mənəvi həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə “TÜRK XALQLARININ BİRLİYİ” medalı təqdim edildi.

Məqalələrim 23 May 2026 14
 Xuraman Muradovaya Türk xalqları arasında dostluq, birlik və mənəvi həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə “TÜRK XALQLARININ BİRLİYİ” medalı təqdim edildi.
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda Türk dünyasının mənəvi birliyini, ortaq dəyərlərini və ədəbi-mədəni əlaqələrini özündə əks etdirən möhtəşəm tədbir keçirildi. Tədbirdə bütün Türk dövlətlərinin səfirlik nümayəndə heyətləri, tanınmış ziyalılar, elm və ədəbiyyat xadimləri iştirak etdilər.

Görkəmli şairə, yazıçı, Azərbaycan, Türkiyə və Özbəkistan Yazıçılar Birliklərinin fəxri üzvü, Əlişir Nəvai adına Özbəkistan Dövlət Universitetinin fəxri professoru Xuraman Muradova tərəfindən qələmə alınmış, Qarabağın Fatehi, Müzəffər Ali Baş Komandan İlham Əliyevə həsr olunan “Əsrə bərabər 20 il” və “Əsrin qəhrəmanı olan Komandan” kitablarının təqdimatı və geniş müzakirəsi böyük maraqla qarşılandı.

Tədbirin açılışında vurğulandı ki, bu əsərlər yalnız bir liderə ithaf olunmuş kitablar deyil, həm də Azərbaycan xalqının tarixi Zəfərinin, milli birliyinin, dövlətçilik ruhunun və qalib xalq iradəsinin bədii salnaməsidir. Müəllif öz əsərlərində Prezident İlham Əliyevin siyasi iradəsini, xalqına bağlılığını, müdrik liderlik keyfiyyətlərini və Qarabağ Zəfərinə gedən şərəfli yolu yüksək bədii dillə təqdim etmişdir.

Tədbirdə çıxış edən Azərbaycanın Xalq Yazıçısı Çingiz Abdullayev qeyd etdi ki, Xuraman Muradovanın yaradıcılığı yalnız Azərbaycan ədəbiyyatına deyil, bütövlükdə Türk dünyasının mənəvi birliyinə xidmət edir. O vurğuladı ki, müəllifin qələmindən çıxan bu əsərlər gələcək nəsillər üçün mühüm tarixi mənbə və vətənpərvərlik nümunəsidir.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova çıxışında Türk xalqları arasında mədəni əlaqələrin möhkəmlənməsində belə əsərlərin xüsusi əhəmiyyət daşıdığını bildirdi və Xuraman Muradovanın yaradıcılığını yüksək qiymətləndirdi.

Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bahrom Aşrafxanov, Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Ufuk Turganer, Qazaxıstan səfirliyinin nümayəndəsi Yedil Mirzabekov, Özbəkistan Yazıçılar Birliyinin sədr müavini Gayrat Majid, professorlar Gulbahor Ashurova və Dilorom Adilova çıxışlarında Xuraman Muradovanın Türk dünyasının ortaq mənəvi dəyərlərinə verdiyi töhfələrdən danışaraq, onun yaradıcılığının beynəlxalq səviyyədə böyük rəğbət qazandığını vurğuladılar.

Tədbirdə həmçinin millət vəkili Vüqar İsgəndərov, Yazgül Abdıyeva, İlqar Türkoğlu, Elman Quliyev və digər tanınmış ziyalılar çıxış edərək bildirdilər ki, “Əsrə bərabər 20 il” və “Əsrin qəhrəmanı olan Komandan” kitabları müəllifin Müzəffər Ali Baş Komandana sonsuz hörmətinin, ehtiramının və vəfa duyğularının parlaq ifadəsidir. Çıxış edənlər qeyd etdilər ki, bu əsərlər Türk dünyasında Azərbaycan həqiqətlərinin təbliği baxımından da mühüm əhəmiyyət daşıyır.

Tədbirin ən yaddaqalan məqamlarından biri də Xuraman Muradovanın beynəlxalq mükafatlarla təltif olunması oldu. Belə ki, şairə-yazıçıya Qazaxıstanın Milli Qəhrəmanı adına təsis olunmuş “MUQALİ BAHADUR” medalı, eləcə də Türk xalqları arasında dostluq, birlik və mənəvi həmrəyliyin möhkəmləndirilməsinə verdiyi töhfələrə görə “TÜRK XALQLARININ BİRLİYİ” medalı təqdim edildi.

Qürur və yüksək mənəvi ruh şəraitində keçən tədbir Türk dünyasının ortaq mədəniyyətinə, ədəbiyyatına və qardaşlıq bağlarına xidmət edən mühüm ədəbi-mədəni hadisə kimi yadda qaldı.
<p>Bir gün geriyə baxanda anlayacaqsan ki,<br>ən gözəl günlərin sahib olduqların deyil, hiss etdiklərin olub.</p> - Xuraman Muradova
<p>Hər kəsə çatmağa çalışma.<br>Səni anlayanlara, dəyər verənlərə və sevənlərə vaxt ayır.</p>
- Xuraman Muradova