XURAMAN MURADOVA: TÜRK DÜNYASININ SÖZÜ BAKIDA BİRLƏŞDİ

Sentyabrın 18-də Bakıda Atatürk Mərkəzində Türk Dünyası Qadın Şairlər Birliyinin təşəbbüsü ilə Türk dünyasının qadın şairlərinin görüşü keçirilib.
Türk dünyasının müxtəlif coğrafiyalarından Bakıya gələn şairə xanımların, Azərbaycanın görkəmli ziyalılarının, alimlərinin, elm və mədəniyyət xadimlərinin iştirak etdiyi görüşdə ortaq ədəbi-mədəni dəyərlər, qadın poeziyasının Türk dünyasının mənəvi birliyində rolu və xalqlar arasında ədəbi əlaqələrin inkişafı barədə fikir mübadiləsi aparılıb.
Tədbir akademik Nizami Cəfərovun salamlama nitqi ilə başlayıb. Görüşə ev sahibliyi edən akademik Nizami Cəfərov iştirakçıları salamlayaraq Türk dünyasının ədəbi-mədəni əlaqələrinin inkişafında belə görüşlərin əhəmiyyətini vurğulayıb.
Tədbirdə TÜRKSOY-un Baş katibi, yazıçı Sultan Rayev, Türk Ədəbiyyatı Vəqfinin başqanı Sərhat Kabaklı, Azərbaycanın Xalq yazıçısı Çingiz Abdullayev, Türk Dünyası Alim Qadınlar Şurasının sədri, professor Mahirə Hüseynova, türkoloq alim Şərəf Cəlilli, yazıçı-publisist Varis Yolçuyev, professor Fuad Məmmədov və digər elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak ediblər.
Tədbiri Türk Dünyası Qadın Şairlər Birliyinin Başqanı Xuraman Muradova açaraq Türk dünyasının müxtəlif coğrafiyalarından gələn qonaqları salamlayıb.
Xuraman Muradova çıxışında şeirin sərhəd tanımayan, insanları və xalqları bir-birinə yaxınlaşdıran mənəvi qüvvə olduğunu bildirib.
“Şeir sərhəd tanımır. Şeir pasport istəmir. Şeir bir ürəkdə doğulur, min ürəkdə özünə Vətən tapır. Bu gün bizi qədim və doğma Bakımızda bir araya gətirən də məhz budur – sözün qüdrəti, şeirin nəfəsi və könüllərimizin birliyi”, – deyə Xuraman Muradova vurğulayıb.
O qeyd edib ki, iştirakçıları bir araya gətirən yalnız bir ədəbi tədbir deyil, ortaq kök, söz, şeir və mənəvi bağlılıqdır.
“Bizi burada birləşdirən rəsmiyyət deyil. Bizi birləşdirən könül bağımızdır, sözümüzdür, şeirimizdir, ortaq kökümüz və bir-birimizə olan sevgimizdir”, – deyə o bildirib.
Türk dünyasının qadın şairlərinin ilk böyük görüş üçün Azərbaycanın seçilməsinə toxunan Xuraman Muradova bu seçimin ölkənin zəngin ədəbi-mədəni irsi və Türk dünyası ilə tarixi-mənəvi bağları ilə əlaqədar olduğunu qeyd edib.
Tədbirdə Türkiyədən İnci Okumuş, Gonca Hatunoğlu Yılmaz, Sündüs Arslan Akça, Yüksel Kabaklı, Gülşah Kabaklı və sənətkar İclal Akkaşlan, Özbəkistandan Nərgizə Əsədova, Qazaxıstandan Assel Ospan, Qırğızıstandan Tolqonay Sarıyeva, Şimali Kiprdən Feyzan Korur, Şimali Makedoniyadan Leyla Şərif Emin, Başqırdıstandan Tənzilə Dövlətberdina, Tatarıstandan Şəmsiyyə Cahangirova, Güney Azərbaycandan Şərifə Cəfəri iştirak ediblər.
Müxtəlif ölkə və bölgələri təmsil edən şairə xanımlar çıxışlarında yaradıcılıq yollarından, Türk dünyasının ortaq ədəbi-mədəni irsindən, qadın poeziyasının imkanlarından və ədəbi əlaqələrin genişləndirilməsinin əhəmiyyətindən danışıblar, öz şeirlərindən nümunələr təqdim ediblər.
Xuraman Muradova çıxışında Azərbaycanın zəngin qadın ədəbiyyatı ənənəsinə də diqqət çəkib.
“Siz Məhsəti Gəncəvinin poetik nəfəsinin, əfsanəvi Nüşabənin mərdliyinin, Heyran xanımın söz dünyasının, Xurşidbanu Natəvanın incə və kövrək poeziyasının, Əzizə Cəfərzadənin zəngin ədəbi irsinin yaşadığı Vətənə gəlmisiniz”, – deyə o bildirib.
Xuraman Muradova Azərbaycanın elm və mədəniyyət tarixində mühüm iz qoymuş qadınların adlarını da xüsusi ehtiramla çəkib.
“Siz insanların gözünə nur bəxş etmiş, Azərbaycan oftalmologiya elminin görkəmli nümayəndəsi Zərifə xanım Əliyevanın, Şərq və ərəb ədəbiyyatının görkəmli tədqiqatçısı, Azərbaycanda ilk qadın şərqşünas elmlər doktoru və professor Aida xanım İmanquliyevanın Vətəninə gəlmisiniz”, – deyə Xuraman Muradova vurğulayıb.
O, həmçinin gənc yaşlarından yaradıcılığını Vətənə, xalqa, insana və sevgiyə həsr edən, poeziyasında Azərbaycan sevgisini və mənəvi dəyərləri yaşadan Leyla Əliyevanın adını qeyd edib.
“Türk dünyasının şairə xanımlarını qarşılayan Azərbaycan belə qüdrətli qadınların, böyük söz və elm adamlarının, qədim mədəniyyətin və zəngin mənəvi irsin Vətənidir”, – deyə Xuraman Muradova bildirib.
Çıxışında Azərbaycanın Türk dünyası ilə əlaqələrinin inkişafına da toxunan Xuraman Muradova bildirib ki, ölkənin Türk dünyası ilə tarixi, mədəni və mənəvi bağlarının daha da möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər ortaq dəyərlərin yaşadılmasına xidmət edir.
O, qonaqlara Azərbaycanın tarixi Zəfər qazanmış bir ölkə olduğunu xatırladaraq, xalqımızın birliyi və dövlətimizin gücü ilə əldə edilən nailiyyətlərin ölkənin Türk dünyasındakı mövqeyində də öz əksini tapdığını söyləyib.
Xuraman Muradova Azərbaycan qadınının ictimai və mədəni həyatdakı rolundan danışarkən Mehriban Əliyevanın mədəniyyətin, milli-mənəvi dəyərlərin və Azərbaycan həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması istiqamətində fəaliyyətini də xüsusi qeyd edib.
Tədbirin dövlətimizin dəstəyi ilə keçirilməsini Türk dünyasının ədəbi-mədəni birliyinə, ortaq sözə və mənəvi bağlara verilən dəyərin ifadəsi kimi qiymətləndirən Xuraman Muradova bu görüşün gələcək yaradıcılıq əlaqələri üçün yeni imkanlar yaradacağına əminliyini bildirib.
“Bu, sadəcə bir ədəbi tədbir deyil. Bu, eyni kökün budaqlarının yenidən bir-birinə sarılması, sözün sözə, şeirin şeirə, könlün könülə qovuşmasıdır”, – deyə o qeyd edib.
Türk Dünyası Qadın Şairlər Birliyinin Başqanı ona göstərilən etimadın böyük məsuliyyət olduğunu vurğulayıb.
“Məni Türk Dünyası Qadın Şairlər Birliyinin Başqanı görməyə layiq bildiyiniz, mənə inandığınız və etimad göstərdiyiniz üçün, başda dəyərli Sərhat Kabaklı olmaqla, Türk dünyasının bütün şairə xanımlarına və bu birliyə könül verən hər kəsə ürəkdən təşəkkür edirəm. Bu etimad mənim üçün yalnız bir şərəf deyil, Türk dünyasının qadın sözünə, ədəbiyyatına, mədəniyyətinə və mənəvi birliyinə xidmət etmək məsuliyyətidir”, – deyə Xuraman Muradova bildirib.
O, uzaq yolları aşaraq Azərbaycana gələn bütün şairə xanımlara, tədbirin iştirakçılarına, ziyalılara və Atatürk Mərkəzinə təşəkkürünü ifadə edib.
Tədbirin sonunda Xuraman Muradova Türk dünyasının qadınlarına həsr etdiyi şeirini səsləndirib.
O, çıxışını Türk dünyasının mənəvi birliyinə həsr etdiyi fikirlərlə tamamlayıb:
“Qoy sözümüz birliyimiz olsun! Qələmimiz körpümüz olsun! Şeirimiz ürəkdən-ürəyə uzanan əbədi könül bağımız olsun!”
Xuraman Muradova bildirib ki, bu görüşdə Bakı bir daha sözün və poeziyanın sərhədləri aşan gücünü nümayiş etdirib:
“Şeir sərhəd tanımır.
Şeir pasport istəmir.
Şeir bir ürəkdə doğulur, min ürəkdə özünə Vətən tapır.
Həmin gün o Vətən Azərbaycan, o ünvan Bakı, o böyük mənəvi qüvvə isə Türk dünyasının birliyi idi.”
Tədbir Türk dünyasının qadın şairləri arasında ədəbi-mədəni əlaqələrin genişləndirilməsi, ortaq ədəbi irsin təbliği və xalqlar arasında mənəvi bağların daha da möhkəmləndirilməsi istiqamətində fikir və təcrübə mübadiləsi ilə davam edib.
Rəsmi tədbirdən sonra Azərbaycan Respublikası Prezidentinin Kitabxanasında davam edən səmimi görüş Türk dünyasının qadın şairlərini bir daha eyni sözün, eyni sevginin və eyni mənəvi yaddaşın ətrafında bir araya gətirib, bu əlamətdar günü ədəbiyyat və dostluq adına unudulmaz bir xatirəyə çevirib.
<p>Bir gün geriyə baxanda anlayacaqsan ki,<br>ən gözəl günlərin sahib olduqların deyil, hiss etdiklərin olub.</p> - Xuraman Muradova