Xuraman Muradova

Xuraman Muradova - Gözlədiyin biri var

Poeziya 09 Aug 2026 30
Xuraman Muradova - Gözlədiyin biri var

Xuraman Muradova - Gözlədiyin biri var

Gözlədiyin biri var

Gizlədərsən adını ürəyində hər zaman,
Gördüyün an gözünə çökər xəyaltək duman.
Yoxluğuyla barışıb qəlbini ovudarsan,
Söz düşəndə qəlbində gözlədiyin biri var.

Keçmişin yollarında qalan izlər silinməz,
Bəzi sevgilər vardır, aşkar olmaz, bilinməz.
Zaman keçər, gün keçər, xatirələr bölünməz,
Qəlbində yaşatdığın gözlədiyin biri var.

Yol ayırdı taleyi, qovuşmadı arzular,
Susdu neçə etiraf, yarım qaldı duyğular.
Unutmaq istəsən də, unudulmaz o anlar,
Gecələr xəyalında gözlədiyin biri var.

Xuraman, bəzi eşqlər nə ayrılıqla bitər,
Nə zamanla unudar, nə də yaddaşdan gedər.
Bir ömür ürəyində səssiz dualar qədər,
Yaşadıb gizlətdiyin, gözlədiyin biri var...

Oxucu rəyləri

Rəy yaz

Hələ təsdiqlənmiş rəy yoxdur.

“Qadın bir gün yorularsa… əvvəlki kimi sevməz.”
- Xuraman Muradova