Blog Post Image

Xuraman Muradova: Xislətin Güzgüsü…

Gülün lətafəti bülbülə bəlli,

Hər kəs xislətiylə dünyanı duyar.

Zülməti sevənə nuru bəxş etsən,

Yenə də ruhuyla qaranlıq duyar.


Arı gülü gəzər, milçəksə çirkab,

Fitrət dəyişməz ki, nə desən hədər.

Gövhəri olmayan bilməz ki, qədir,

Onun da qisməti bu imiş məgər.


Gülləri vəsf eylə, ətrini yay sən,

Anlayan qəlbiylə səcdənə gələr.

İkiüzlülərdən vəfa umma sən,

Hər kəs öz içini aşkar eyləyər.


Qarğa bülbül olub bağda oxumaz,

Hər gülün öz səsi, öz nəğməsi var.

Arı hər çiçəkdən pətək toxumaz,

Hər kəsin seçdiyi öz dünyası var.


Nə qədər anlatsan xeyri yoxdu bil,

Kor göz açılmaz ki, hər bir işığa.

Doğru ürəklərdə hər söz bir qızıl,

Yalançı bəndələr aşiq batağa.


Doğru yol birdir, min əyri gəlsə də,

Oxun düz olmasa hədəfə dəyməz. Haqqın qarşısında min şər ölsə də,

Xisləti əyrilər düzlüyü bilməz.


Suyu hər bulaqdan içməz ki, kamil,

Əlləri uzanan hər kəs dost deyil.

Xisləti dar olan nə bilsin qədir?

Onun qibləgahı həqiqət deyil.


Xuraman, bu həyat bir aynadır, bil, Kim nəyə baxarsa onu da görər. 

Gül ruhlu insanlar gülü sevərlər, 

Xar olan ruhunu tikanla hörər.


Müəllif: Xuraman Muradova