“Vip Milan Hospital”ın rəhbəri, iş xanımı, Azərbaycan və Türkiyə Yazıçılar Birliyinin üzvü, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü, Türk Dünyası Qadın Şairlər Birliyinin sədri Xuraman Muradova 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə rəhbərlik etdiyi hospitalın xanım həkimlərini və tibbi personalını səmimi qəlbdən təbrik edib.
O, öz çıxışında qadınların cəmiyyətin inkişafında, xüsusilə səhiyyə sahəsində göstərdiyi böyük fədakarlığı vurğulayaraq bildirib ki, insan sağlamlığının keşiyində dayanmaq həm böyük məsuliyyət, həm də yüksək mənəvi dəyərdir. Xuraman Muradova qeyd edib ki, fəaliyyət göstərdikləri səhiyyə sahəsində vətənə, dövlətə və xalqa layiqincə xidmət etmək hər bir tibb işçisinin həm peşə, həm də vətəndaşlıq borcudur.
Hospital rəhbəri xanım əməkdaşlara möhkəm can sağlığı, ailə səadəti, işlərində uğurlar və gələcək həyatlarında yeni nailiyyətlər arzulayıb. O, kollektivin hər bir üzvünün fədakar əməyinin yüksək qiymətləndirildiyini və bu əməklərin cəmiyyət üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.
Görüş zamanı həkimlər və tibbi personal Xuraman Muradovaya kollektivə göstərdiyi diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi və xoş ab-havada keçən görüş Xuraman Muradovanın hospitalın xanım kollektivinin hər bir üzvünü şəxsən təbrik etməsi ilə başa çatıb.