Blog Post Image

Xuraman Muradova: Ömrünü elə yaşa, adın rəhmət gətirsin...

Bu dünya bir pəncərə, baxıb keçən çox olub,

Kimisi abad edib, kimi viranə qoyub...

Sən elə bir insan ol, əməlin bar bitirsin,

Ömrünü elə yaşa, adın rəhmət gətirsin...


Yıxılanın əlindən tut, qaldır sən ayağa,

Çevrilməsin ürəyin sönmüş, soyuq ocağa.

Qoy sənin xoş niyyətin, dərdə məlhəm yetirsin,

Ömrünü elə yaşa, adın rəhmət gətirsin.


Heç kim tutub saxlamaz nə zamanı, nə anı,

Yaxşı əməl bəzəyər həm ruhu, həm dünyanı.

Qoy atdığın hər addım, səni  xeyrə götürsün,

Ömrünü elə yaşa, adın rəhmət gətirsin.


Haqqın dərgahına sən üzü ağ, pak gedəsən,

Dünyada xoş ad qoyub, torpağa tək gedəssən.

Qoy səni tanıyanlar səndən misal gətirsin,

Ömrünü elə yaşa, adın rəhmət gətirsin.