Blog Post Image

Xuraman Muradova: Həyat borclu deyil bizə...

Zaman bir karvandır, keçib gedəcək,

Hər ötən saniyə geri dönməyən.

Həyat öz hökmünü hər gün verəcək,

Bir sönən ocaq var, bir də sönməyən.


"Sabaha saxlayaq" deyib susuruq,

Gecikmiş sevdalar qəlbdə bir yara.

Biz ömür payından hər gün kəsirik,

Bürünüb min cürə bəhanələrə.


Amma unutmayaq, mizan bəllidir,

Hərə öz ömrünü yaşayıb gedər.

Bu dünya qəddar bir hesab əhlidir,

Gecikmiş sevgini "heç"ə endirər.


Nə varsa, bu gündür, nə varsa, indi,

Təxirə salınmış eşq bir ah olar.

Ömür bircə dəfə bizə verilir,

Gecikən arzular günahkar olar.


Bəzən sonralara sığışdırdıq biz,

Dilin ucundakı müqəddəs sözü.

İndi o "sonra"lar oldu kimsəsiz,

Yollara dikildi ömrün son gözü.


Həyat sərraf deyil, qəlbi dinləsin,

Gecikən sevdanı qaytarmır geri.

Yüz yol göz yaşını ümman etsən də,

Qaytara bilməzsən ötən günləri.


Vaxtın qatarından düşənlər bilər,

Geri qayıtmağın bədəli ağır.

Həyatın üzünə gülsən də əgər,

Ruhuna peşmanlıq yağışı yağır.


Güvənmə qəlbində olan təpərə,

Gənclik bir röyadır, yuxu tək bitər.

Zamanında deyilməyən  xoş sözlər ,

Bir gün məzar üstə sükuta yetər.


Hər kəs öz yükünü çəkər çiynində,

Kimsənin dərdiylə kimsə yaşamaz.

Gecikən eşqlərin matəm günündə,

Həyat da keçmişlə dönüb barışmaz.


Açılan sabahlar sənə qul deyil,

Hər günün hökmü var, hər anın payı.

Dünənki fürsətlər daha əl deyil,

Ötür ömrümüzün illəri, ayı.


Gecikmə, sevgini vaxtında yaşa,

Həyat borclu  deyil kimsəyə, inan.

Arzular dəyərsə nə vaxtsa  daşa,

Geri gətirməyə acizdir zaman.

        

Müəllif: Xuraman Muradova