Blog Post Image

Xuraman Muradova: "Güvənim əmanət..."

Bir zaman can deyib, can eşitdiyim,

İndi yad baxışlı, yad olub mənə.

O qədər inanıb, inandıqlarım

Ən ağır zərbəni vurdu qəlbimə.


Söykənib durduğum dağlar uçuldu,

Daha kölgəsinə sığınmaq olmur.

İnanıb açdığım qapı bağlandı,

Sınan bir ürəyi ovutmaq olmur.


Güvən bir şüşədir, sındımı bitər, 

Nə qədər yamasan, izi qalacaq.

Aldanan hisslərin fəryadı yetər,

Bu acı ruhum da qəmgin olacaq.


İndi çox uzaqda ən yaxın sirdaş,

Kimsəyə demirəm dərdimi daha.

Gözümdən süzülən bircə damla yaş,

Güvəni tapşırıq tək bir Allaha.


Daha hər təbəssüm, hər gülüş yalan,

Hər şirin kəlamın astarı varmış.

Sənə doğmadan da yaxın bildiyin,

Hər kəsin bir gizli meyarı varmış.


Mən elə bilirdim sarsılmaz qala,

O dostluq, o hörmət, o uca sevgi.

Sən demə, hamısı bir təmənnadır,

Mənfəət bitəndə, tez qaça sevgi.


İndi öz içimə çəkilmişəm mən,

Ruhumun qapısı qıfıllı qalıb.

Kimə "can" dedimsə, keçdi canımdan,

O "can" da bir ipdən asılı qalıb.


Bu həyat sınaqmış, öyrətdi mənə,

Hər kəs öz yükünü çiynində daşır.

Yalnız bir Allahdır dayaq bəndəyə, 

İnsana güvənmə həddini aşır.


Ürəkdən sevdiyim insanlar getdi,

Nə sevgi qalıbdı, nə köhnə hörmət.

Geri dönmək üçün bir yol qoymadım,

Sizə yalan qalsın, mənə həqiqət.


Şəkillərə sakit baxıb keçərəm,

Daha nə kölgəniz, nə iziniz var.

Məni itirdiniz ayrıldığım gün,

İndi aramızda aşılmaz divar.


Əlvida, ey ruhu mənə yad olan,

Məni öz içimdə azad buraxın.

Bir daha bu qəlbə yolunuz düşməz,

Mən doğru, siz isə yalanla qalın.


Artıq nə sitəm var, nə incik sükut, 

Gedirəm nur dolu, bəyaz sabaha. 

Sizlərdən ayrıldım unudun məni, 

Güvənim əmanət tək bir Allaha.

Güvənim əmanət tək bir Allaha.

Müəllif: Xuraman Muradova