Blog Post Image

Xuraman Muradova: Edilən Hər Yaxşılıq Sədəqədir!

Nə təkcə pulladır, nə də ki varla,

Könüllər isinər xoş bir baharla.

Dünyanı bəzəsən təmiz vüqarla,

Edilən hər yaxşılıq sədəqədir.


Bir şirin kəlamla könül almağın,

Dərdlinin yanına tezcə gəlməyin,

Yetim uşağın üzünə gülməyin,

Edilən hər yaxşılıq sədəqədir.


Yoldan bir tikanı götürsən əgər,

O zəhmət min dənə inciyə dəyər.

İnsanlıq bu uca hikməti deyər,

Edilən hər yaxşılıq sədəqədir.


Sanma ki, kiçikdir, nə faydası var?

Zərrədən yaranar uca duyğular.

Haqqın dərgahında qəbul payı var,

Edilən hər yaxşılıq sədəqədir.


Gözü yolda qalan qocanı anmaq,

Onun hər ahına şam tək dayanmaq,

Səni sevənlərin oduna yanmaq,

Edilən hər yaxşılıq sədəqədir.


Göz yaşı silməkdir ən böyük sərvət,

Dilsiz bir canlıya göstərmək şəfqət.

Ruhuna qonubsa əgər mərhəmət,

Edilən hər yaxşılıq sədəqədir.


Bəzən bir təbəssüm buzları qırar,

Kədərli qəlblərə bir ümid qurar.

Mələklər önündə bir savab durar,

Edilən hər yaxşılıq sədəqədir.


Dünya bir yuxudur, keçib gedəcək,

Səndən ancaq xeyir izin qalacaq.

Mizan tərəzisində nurun olacaq,

Edilən hər yaxşılıq sədəqədir.


Nəfəs bir əmanət, ömür bir anlıq,

Yaxşılıq nurudur, qalan qaranlıq.

Haqqın dərgahında budur sultanlıq,

Edilən hər yaxşılıq sədəqədir.