Blog Post Image

Xuraman Muradova: "Dürüstlük yolunda..."

Yalanın rənginə boyanmaqdansa,

Tənha bir cığırda izim yaxşıdır.

Saxta gülüşlərə inanmaqdansa,

Düz sözə sığınan dözüm yaxşıdı.


Onlar sevmədilər mənim düzümü,

Hər bir kəs özünə çünki yol açar.

Mən  də itirmədim özüm-özümü,

Düzlük ürəyimdə ən böyük vüqar.


Gedirəm uzağa, saxtadan kənar,

Ruhumun aynası təmiz qalsın tək.

Gec-tez həqiqətin öz mənzili var,

Dürüstlük hər zaman açacaq çiçək.


Qoy dünya bürünsün min bir kölgəyə,

Mən öz işığıma arxalanmışam.

Başımı əymədim saxta səcdəyə,

Vicdanın səsində daldalanmışam.


Yolum çətin olsa, ürəyim təmiz,

Haqqın qarşısında üzüm ağ olar.

Dünya dənizdirsə, mən kiçik bir iz,

O izlərdə bir gün bir dağ ucalar.


Nə tacda gözüm var, nə adda - sanda,

İnsanlıq ucalan zirvədir mənə.

Ən ağır sınaqda, ən dar amanda,

Düzlükdən başqa yol haramdı mənə.


Mən belə seçmişəm, belə yaşaram,

Sözümün çəkisi, ruhumun səsi.

Zülmətin içindən nurla aşaram,

Budur bir ömürün saf fəlsəfəsi.